RƏQƏMLİ ANALOQLU TƏNZİMLƏMƏ (digital analog control) – Analoqlu tənzimləmələr, məsələn, televizorlarda parlaqlığı, dəqiqliyi tənzimləmək üçün rəqəmli çıxışlardan istifadə.
RƏQƏMLİ DİAPOZİTİV (digital slide) – Rəqəmli videodiskə yazılmış hərəkətsiz təsvir.
RƏQƏMLİ XÜSUSİ EFFEKTLƏR (special digital effects) – Xüsusi effekt generatorlarının (XEG) köməyi ilə yaradılan effektlər. XEG sıxışdırma siqnallarını yaratmaq üçün rəqəmli metodlardan yararlanır. Yayılmış dinamik xüsusi effekt fiqurları arasında, məsələn, «səhifələmə» ritminin modifikasiyasının (ekrandakı görüntülər albom vərəqləri kimi səhifələnir, sanki təqvim yarpaqları kimi qopur və s.) və görüntünün kürəyə, fırlanan kubun bir üzünə və s. çevrildiyi silsilə tutum effektlərini qeyd etmək olar. R.x.e.-in digər yayılmış növü sıxma (buna kompressor da deyilir) və yayma üsullarıdır. Həmin üsullara görüntünü şaquli və ya üfüqi xətt üzrə sıxmaq, yaxud genişləndirmək nəticəsində nail olmaq mümkündür. Sıxma yolu ilə bütün ekranı tutan görüntünü istənilən ölçüyədək kiçiltmək və ekranın hər hansı hissəsində yerləşdirmək olar. Yayma yolu ilə ekranın bir hissəsini tutan kiçildilmiş görüntünü bütün ekranı tutunca böyütmək mümkündür.