RƏSSAM-DEKORATOR (art designer) – Əsasən dekorasiya və studiya dizaynı ilə məşğul olan rəssam. R.-d. daha çox iri həcmli bədii-əyləncəli verilişlərin studiya tərtibatı ilə məşğul olur.
RƏVAN NİTQ (fluent speech) – Adi, düzgün nitqə əsaslanan və ona əlavə estetik keyfiyyətlər verən nitq. Həmin keyfiyyətlər ahəngdarlıq, obrazlılıq, emosionallıq, ekspressivlikdir. Estetik keyfiyyətlər bir sıra amillərlə – nitq üslubu və janrı, nitq situasiyası, söyləmənin məzmunu və məqsədi, müəllifin əhvali-ruhiyyəsi və s. ilə əlaqədardır. R.n. prinsipial surətdə düzgün nitqdən fərqlənir.