SƏYYAR SƏSYAZMA QURĞUSU (mobile recording unit) – Studiyadankənar çəkilişlər aparmaq, verilişlər hazırlamaq üçün istifadə olunan aparatlar kompleksi.
SƏYYAR TELEVİZİYA STANSİYASI (STS) (mobile TV station) – Telestudiyadan kənarda TV verilişləri aparmaq üçün xüsusi avtobusda quraşdırılmış aparatlar kompleksi; təkər üstündə TV mərkəzi. İçərisində işıq rəqslərini elektrik siqnallarına çevirən telekameralar STS avtobusuna kamera kabeli ilə birləşdirilir. Kameranın içərisində yerləşən ilkin gücləndiricinin köməyi ilə çoxalan siqnallar kabel vasitəsilə irəliyə – ara gücləndiriciyə, sonra isə mikşerə ötürülür. Rejissor monitora verilən təsvirdən efirə ən lazımlısını seçərək onu xətti gücləndiriciyə yönəldir. Xətti gücləndiricidən isə siqnallar ötürücüyə daxil olaraq, teleqüllədə yerləşən qəbuledici parabolik antenaya göndərilir. Bu antenanın qəbul etdiyi siqnallar kabel vasitəsilə qəbuledici aparat-mərkəzə, oradan mərkəzi aparat məntəqəsinə və radiostansiyaya ötürülür. Sonra fider ilə siqnallar telemərkəzin ötürücü antenasına, oradan isə efirə verilir.
Efir vasitəsilə siqnallar tamaşaçıların antenasına çatır, oradan kabel ilə televizora daxil olur və yenə də ekranda təsvirə çevrilir.