SUPER PAUZA (super still) – Təsvirin "səs zolaqları olmadan pauza" rejimində göstərilməsi. Xüsusi elektron sxemlərin və əlavə başlıqların köməyi ilə əldə olunur.
SUPERSTANSİYA (superstation) – Peyk rabitəsi və kabel sistemindən istifadə edərək ümummilli miqyasda yayım apara bilən müstəqil stansiya. Yerli stansiyalarla iri yayım şəbəkələri arasında orta mövqe tutan belə S. XX əsrin 70-ci illərinin axırlarında ABŞ-da meydana gəlmişdir.
SUPERVAYZER (superviser) – Qərb TV-lərində kollektivin xüsusi təlim almış üzvü. S. kollektiv üzvlərinə işin texnologiyasını öyrədir, kollektivdə işi təşkil edir, hər bir müstəqil üzvün öz bacarıq və imkanlarını maksimum həyata keçirməsinə şərait yaradır.
SUPER VHS (S-VHS) – Teleyayım üçün videoyazı biçimi. Özündən əvvəlki biçim (format) olan VHS-lə müqayisədə daha üstün parametrləri var.