ŞOUMEN (showman) – Əsasən danışıq janrında (tok-şou) qurulmuş kütləvi bədii-əyləncəli, musiqili verilişlərin aparıcısı. Yüksək erudisiya, xoş qılıq, obyektiv və ədalətli olmaq, müxtəlif fərdlərin dialoqu vasitəsilə kütləvi şəkildə həqiqət axtarışına qoşulmaq, bu prosesdə iştirakçılara kömək etmək Ş. üçün əsas keyfiyyətlərdən sayılır. Müxtəlif dünyagörüşə, fərqli siyasi baxışlara, xarakter və temperamentlərə malik insanların toplaşdığı auditoriyanı nəzarətdə saxlamaq Ş.-dən təkcə jurnalistlik deyil, həm də aktyorluq məharəti tələb edir. Adətən, əyləncə verilişində aktyor, təhqiqat, müzakirə xarakterli proqramda isə jurnalist aparıcı olur. Hər iki halda Ş. çevik olmalı, aktyor istedadı göstərməlidir. Ş. verilişin mövzusunu elan edir, ekspertlərin, auditoriyanın rəyini soruşur, müxtəlif baxışları qarşı-qarşıya qoyur, söhbətin qızğın inkişafına nail olur, onu kulminasiyaya çatdırır. Ş. hər an adamlarla psixoloji kontakt yaratmağı, auditoriyanı öz iradəsinə tabe etməyi bacarmalıdır.