TEMPERASİYA (temperation) – Səs sistemi pillələri arasındakı interval nisbətinin tarazlaşdırılması. T.-nın mahiyyəti intervalların (əsasən kvintaların) həcminin onların dəqiq akustik səslənişinə nisbətən cüzi dəyişikliklərə məruz qalmasındadır.
TENDENSİYA (tendency/obtrusive purpose) – Yönəltmək, səy göstərmək; istiqamət, meyl; vəziyyətlərdən və hadisələrin xarakterindən meydana çıxan təmayül; baxışlarda, yaxud hərəkətlərdə meyl; əsərin, fikrin, ideyanın meyli; ekran əsərinin və ya bütünlükdə müəyyən bir sənətkarın yaradıcılığının ümumi ideya-bədii istiqaməti. Əsl bədii əsərlərin hamısında T. obrazların bütün sistemi vasitəsilə ifadə olunur.
TENDER (tender) – Rəsmi təklif, sifariş almaq üçün müraciət;müəyyən işin görülməsi üçün elan olunmuş müsabiqə. R e k l a m d a – reklam kampaniyasının ən yaxşı layihəsi, ən yaxşı reklam şüarı, əmtəə nişanı və s. hazırlanması üçün müsabiqə.
TENOR (tenor) – Ən uca, zil kişi səsi; bu cür səsi olan müğənni; bu cür səsə yaxın səs verən musiqi aləti.
TERMİN (term) – Anlayış, məfhum; elmin, texnikanın, incəsənətin və s. xüsusi anlayışlarını dəqiq ifadə edən söz və ya söz birləşməsi. T., adətən, elmi dilin ünsürü sayılır. T. adi sözlər kimi kontektlə deyil, anlayışlar sistemi ilə bağlı olur. T.-lərin aid olduqları sahədə dürüst və eyni mənada işlənməsi zəruri şərtdir. Dildəki adi sözlərdən fərqli olaraq T.-lər emosional çalarlardan məhrumdur.