TƏFƏKKÜR (thinking/mentality) – Maddi aləmin, onun bütün qanunlarının nitqlə ayrılmaz surətdə bağlı olan ümumiləşmiş, vasitəli inikasından ibarət mürəkkəb psixi proses. T. qarşıya qoyulmuş hər hansı bir vəzifənin malik olduğumuz elmi biliklərə əsasən həll edilməsi və müəyyən nəticələr çıxarılması prosesidir.
TƏFƏRRÜAT ÇƏKİLİŞİ (detailed shooting) – Hər hansı bir həcmcə kiçik cismin çox yaxından alınmış böyük təsvirini verən çəkiliş.
TƏHKİYƏ (off-screen reciting/ off-screen author's speech) – Nəyi isə danışma, kadrarxası oxuma, nəql etmə; epik əsərin, surətlərin vasitəsiz nitqi istisna edilməklə, tam mətni, müəllif nitqi. Bəzən veriliş, film, radiosöhbət jurnalistin, yaxud qəhrəmanın təhkiyəsi üzərində qurulur. Bəzən dramaturji gediş kimi seçilən T. müəllifin fərdi dil və üslubunun tərkib hissəsidir.
TƏHKİYƏNİN DRAMATURGİYASI (dramatic off-screen reciting)– Kinoda, radio və TV-də müəllifin, reportyorun hadisə barədə söhbəti qurmaq üsulu. T.d.-nın əsas qaydalarından biri söhbətin konkret bir şeydən başlamaqla ümumiliyə (yaxud mücərrədliyə) gəlib çıxmasıdır. Ümumiyyətlə, hər hansı verilişin, reportajın, yaxud süjetin yaxşı düşünülmüş girişi, izahat hissəsi (ortası) və sonu olmalıdır. Süjet hadisə və ya münaqişənin inkişafı ilə getməlidir. Kiçik informasiya süjetlərində xüsusi dramaturji üsullara əl atmağa ehtiyac yoxdur.
TƏHQİQAT (investigation) – Bax: J u r n a l i s t t ə h q i q a t ı (jurnalist araşdırması).
TƏHQİQAT JURNALİSTİKASI (investigative reporting) – Cəmiyyətdə rezonans doğuran müəmmalı hadisələrin, yaxud müxtəlif səbəblərə görə ictimaiyyətdən gizli qalan faktların açılması ilə bağlı olan jurnalist işi. Bu məqsədə nail olmaq – vacib ictimai əhəmiyyət kəsb edən bütün hadisələr haqqında mötəbər informasiya toplamaq və onları araşdırmaq jurnalistikanın prinsipial vəzifələrindən biridir. Metodoloji planda T.j.-ndan faktlara münasibətdə təkcə obyektivlik və qərəzsizlik deyil, həm də bu faktlara müdaxilə etmək, onların mahiyyətini və köklərini araşdırmaq tələb olunur. Bu cür yanaşma üsulu siyasi, yaxud maliyyə-iqtisadi fəaliyyətin müxtəlif sahələrində korrupsiyanın səbəblərini təhqiq edərkən, tərksilah və ekoloji təhlükənin aradan qaldırılması, narkobizneslə və sosial cinayətlərin digər növləri ilə mübarizə problemləri nəzərdən keçirilərkən zəruridir. Müasir mərhələdə vacib bəşəri problemlərin birgə həlli üçün müxtəlif ölkələrdən olan jurnalistlərin əməkdaşlığının genişlənməsi və onların ümumdünya təminatı beynəlxalq T.j.-nın formalaşdırılmasının səciyyəvi cəhətləridir.
TƏHQİR (offence/insult) – EE-də və ya mətbuat səhifələrində şəxsiyyətin şərəf və ləyaqətini qəsdən alçaltma. T. hərəkətlə, sözlə, yazı vasitəsilə, jestlə edilə bilər.
TƏHRİFLƏR (dictortion) – Yanıltmalar. Müəyyən təsviri effekt almaq üçün bütöv gerçəkliyin və ya ayrıca predmetin bilərəkdən təhrif edilməsi. Bu təhriflər mahir operator üsullarından sayılır. Məsələn, genişbucaqlı obyektiv insan sifətini dəyişdirib elə tanınmaz hala sala bilər ki, bundan qorxunc bir effekt alınar. Yenə həmin obyektivin köməyi ilə ona nail olmaq mümkündür ki, 4-5 ağac bütöv bir meşə kimi görünsün.