VİDEOİMPULS (videopulse) – Bax: V i d e o s i q n a l.
VİDEOİSTEHSALAT (electronic teleproduction) – Telekamera və videomaqnitofon, yaxud videokamera vasitəsilə TV proqramlarının istehsalı.
VİDEOKAMERA (video camera) – Təsviri və səsi maqnit lentinə köçürən, yaxud birbaşa efirə verən çəkiliş aparatı. V.-nın stasionar (studiya üçün, təkərli, hidravlik qaldırıcı – ştativlərdə)və mobil (çiyində, əldə işlətmək üçün) növləri mövcuddur.
VİDEOKASET (video tape cassette) – Videoyazı üçün maqnit lenti olan kaset, yaxud maqnit lentində videofonoqramı olan kaset.
VİDEOKİTAB (video book) – Evdar qadınlara məsləhətdən tutmuş bədii, yaxud mifoloji-dini ədəbiyyata qədər rəngarəng mövzulu kitab mətnlərinin videoyazısı. V. bəzən öz kitab-çap variantlarına münasibətdə reklam funksiyasını, bəzən də müstəqil informasiya-maarifçilik, yaxud əyləncə funksiyasını yerinə yetirir.