VİDEOMAQNİT YAZISI (videomagnet recording) – Elektrik siqnallarına çevrilən təsvirin və səsin maqnit lentinə köçürülməsi. V.y.-nin sayəsində film, proqram və s. ekran əsərləri kasetə yazılır.
VİDEOMƏTN (videotext) – 1) Məlumat xarakterli videoqrafik informasiyanı televizor, yaxud kompüterin ekranına çıxaran sistem; 2) Terminalların telefon şəbəkələrindən istifadə olunmaqla məlumat bazalarına çıxış xidməti. İşin dialoq rejimi müxtəlif müəssisələrlə əlaqə saxlamaq və məhsullar, hava, idman və s. barədə məlumat almaq üçün rahatdır. Dünyanın müxtəlif ölkələrində informasiyanı mətnlər və qrafika şəklində məişət televizoru (klaviaturalı), yaxud kompüter tipli qəbuledici qurğulara ötürən əlverişli məlumat vasitəsi kimi fəaliyyət göstərir.