DEBÜTANT (debutant(e)) – Filmdə ilk dəfə çəkilən, səhnədə ilk dəfə çıxış edən, teleradioda ilk dəfə veriliş aparan şəxs.
DEDUKSİYA (deduction) – 1) Mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni müddəa çıxarmaq (induksiya ilə qırılmaz surətdə bağlıdır).Daha dəqiq desək, D. məntiqi qanunlar əsasında bir və ya bir neçə fikirdən (müqəddimələrdən) nəticə hasil edilməsidir; 2) Bədii ədəbiyyatda, kinoda, radio və TV-də işlənən yaradıcılıq metodu.
DEDUKTİV METOD (deductive method) – Elmi nəzəriyyələr qurmaq üsulu; spesifik xüsusiyyətini deduktiv nəticə çıxarmaq texnikasının tətbiqi təşkil edir. Bəzən D.m.-u digər metodlardan (məs., induktiv metoddan) ayırmaq, deduktiv mühakiməni təcrübədənkənar mühakimə kimi şərh etmək və elmdə deduksiyanın rolunu həddindən artıq şişirtmək cəhdləri olub. Həqiqətdə isə deduksiya və induksiya bir-biri ilə sıx bağlıdır və deduktiv mühakimənin gedişi insanın çoxəsrlik təcrübi-idrak fəaliyyətindən asılıdır.