ELEKTRİK APARATLARI (electric apparatus (equipment)) – Elektrik dövrələri və maşınlarının idarə edilməsi, tənzimlənməsi və mühafizəsi üçün işlədilən elektrotexniki qurğular. Bir neçə qrupa bölünən bu qurğular əlaqələndirmə, məhdudlaşdırma, tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirir.
ELEKTRİK DÖVRƏSİ (electric circuit (circle)) – Naqillər vasitəsilə bir-birinə birləşdirilmiş mənbə və işlədicidən ibarət qapalı kontur. E.d. bir və çoxkonturlu olur. E.d. aktiv (qalvanik element, akkumlyator, generator) və passiv (xətlərin omik müqavimətləri, elektrik qəbulediciləri) elementlərdən ibarətdir. E.d. xətti və qeyri-xətti olur. Xətti E.d.-ndə giriş və çıxış kəmiyyətləri arasında əlaqə xətti qanunlara tabe olur.