ƏKS XRONOMETRAJ (back timing) – Xəbərlər buraxılışının sona yetməkdə olan hər hansı fraqmentinin dəqiq müddəti. Adətən, buraxılışın cədvələ uyğun olaraq vaxtında qurtarması üçün bu fraqmentlərin hamısı əvvəlcədən dəqiq ölçülür və xronometraj saniyəsinə qədər müəyyənləşdirilir.
ƏKS İŞIQ – KONTRAJUR (back light – counter light) – Studiyada (və ondan kənarda) incə və parlaq işıq xətti ilə insanın başını və çiyinlərini sezdirərək dərin kadrın alınmasına şərait yaradan işıq. Ə.i., həm də saç düzümünün, yaxud geyim biçiminin bildirilməsinə çox kömək edir, onları fonda əriməyə qoymur. Obyektiv əks işığın cüzi hissəsi düşdüyü üçün həmin işığı buraxan cihazın parlaqlığı rəsmləyici işığın parlaqlığına ya bərabər, ya da ondan çox olur. Ə.i. qaynağı obyektin arxasında, həm də xeyli yüksəkdə yerləşdirilir. Bu qaynağı çəkilən adamın başı üzərindən son dərəcə hündürdə quraşdıranda, həmin adamın saçları və burnu çox işıltılı alınır. Bir az aşağıda yerləşdirəndə, cihazın obyektə saldığı işıq kameraya düşməyəcək. Xeyli aşağıda yerləşdirəndə isə işıq birbaşa obyektivə düşərək bərq vuracaq. Ə.i.-nin düzgün qurulması studiyadan kənarda işləyən işıqçıdan ötrü heç də asan vəzifə deyil. İşıq cihazlarının əksəriyyəti döşəmə dayaqlarına bərkidildiyindən çəkiliş obyektinin arxasında qoyulan əks işıq qaynağı kadra düşə bilər. Əgər bu, çox mane olursa, döşəmə dayağını kadrdan çıxarmaq üçün ya cihazın, ya obyektin, ya da kameranın yerini dəyişdirmək lazım gəlir.