AKUSTİK MƏKAN (acoustic space) – Qlobal-informasiya peyk-rabitə sistemlərinin ixtirası və bəşər sivilizasiyasının yeni eraya qədəm qoyması ilə bağlı fikri məhdud vizual məkandan (yəni yazı işarələri və çap formaları) fərqli olaraq informasiya vasitələrinin sərhəd bilməyən efirin dalğavari titrəyişinin akustik strukturlarının köməyi ilə yaratdığı qlobal informasiya meydanı.
AKUSTİK PERSPEKTİV (acoustic perspective) – Çəkiliş obyektindən kamerayadək olan məsafənin səs qaynağından mikrofonadək olan məsafəyə uyğunluğu effekti. Məsələn, uzaqdan işaran qatar ekranda balaca görünür və həmin qatarın səsi yavaş eşidilir. Qatar yaxınlaşdıqca onun ekrandakı görüntüsü tədricən böyüyür və səsi də buna uyğun şəkildə artır.