XARAKTERİSTİKA (characteristic/response) – Xasiyyət, huy, cizgi, əlamət, xüsusiyyət, xarakter; gerçəklik predmet və hadisələrinin, insan xarakterlərinin fərqləndirici əlamətlərinin, xassələrinin, məziyyətlərinin və nöqsanlarının məcmusu. Obraz müəllifin verdiyi və qəhrəmanın portretini, davranışını, müəyyən vəziyyət və şəraiti əks etdirən X.-sından, qəhrəmanın özünün, onun fərdi xüsusiyyətini aşkara çıxaran nitqin xarakteristikasından yaranır. Musiqi xarakteristikası – obrazın xarici dinamikası və ya daxili inkişafını ifadə edən melodiyaların, ritmlərin, harmoniyaların müxtəlif birləşmələrindən əmələ gəlir. Teatr və TV tamaşasında xarakteristika rolun mətnindən, həmçinin bu rolun rejissor, aktyor tərəfindən yaradıcı surətdə ifa olunmasından, onun səhnədə təcəssüm etdirilməsindən doğur (aktyorun oyunu, qrim, paltar və s.). Kinoda xarakteristika,bir tərəfdən, elə teatrdakı amillərlə (ssenarinin mətni, bu mətnin şərhi və s.), digər tərəfdən isə spesifik vasitələrlə: müxtəlif planların birləşməsi ilə, hərəkət, zaman və məkan hüdudunu genişləndirməyə imkan verən montajın, müxtəlif rakursların tükənməz imkanları ilə müəyyən edilir.