ALEKSİYA (aliexion) – Psixi-fizioloji proseslərin pozulması ilə əlaqədar hərfləri seçə bilməmək, eləcə də onları birləşdirib oxuya bilməməkdən ibarət dil pozğunluğu.
ALQORİTM (algorythm) – Orta əsr riyaziyyatçısı əl-Xarəzminin latın adından götürülüb (Algorithmi); 1) Sərt və bəlli qaydalarla hesablamaq deməkdir; 2) Qarşıya qoyulan müəyyən vəzifələrin həlli üçün verilən və ya gerçəkləşən əməliyyatların kompüter qurğularında yerinə yetirilməsi qaydası. Kommunikologiyada bu termin variasiyalarla təkrar olunan və əsas struktur atributlarını dəyişməyən stereotip süjet-janr komponentlərindən müxtəlif informasiya mətnlərinin, yaxud proqramlarının modelləşdirilməsi qaydalarının təhlili zamanı istifadə olunur; 3) EE və səhnə əsərində dramaturji gərginliyi təmin edən plastik mizan. Əsərin ümumi strukturunda mühüm nüans olan A.-i bütövlükdə dramaturji nəbzin tutulması kimi də başa düşmək olar.