İCTİMAİ YAYIM (public broadcasting) – Özünün dəqiq yayım prinsipləri olan, dövlətin də qismən maliyyələşdirdiyi, ancaq yaranmasına, məzmununa heç cür qarışa bilməyəcəyi yayım. Bax: İ c t i m a i t e l e v i z i y a.
İDEAL (ideal) – 1) Ən yüksək məqsəd; qayə, amal; 2) Bir şeyin ən gözəl, ən yaxşı, ən mükəmməl nümunəsi.
İDEOLOGİYA (ideology) – İctimai şüurun müxtəlif formalarında: fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar, baxışlar sistemi; məfkurə. İ.-da insanların gerçəkliyə və bir-birinə münasibəti, sosial problemlər və konfliktlər dərk edilir və qiymətləndirilir, həmçinin mövcud ictimai münasibətlərin dəyişdirilməsinə yönəldilmiş sosial fəaliyyətin məqsədi (proqramı) əksini tapır. İ. üstqurumun tərkib hissəsi olub, nəticə etibarilə iqtisadi münasibətləri əks etdirir.