İNFRAQIRMIZI ŞÜALAR (infrared beams) – 760 nm dalğa uzunluqlu gözlə görünməyən şüalar. İ.ş. asanlıqla dumandan və hava tüstüsündən keçərək xüsusi infraxromatik kinolentlərdə bir neçə yüz kilometrlərlə məsafədən kinoçəkiliş aparmağa, eləcə də zülmət yerlərdə görünən şüaları buraxmayan qara işıq filtrli xüsusi projektorların köməyi ilə çəkməyə imkan verir.
İNFRASƏS (infra sound)–İnsan qulağı qavraya bilməyən aşağı tezlikli titrəyişlər.
İNİKAS EKRANI (screen/reflector) – 1) Dalğaları əks etdirən, yaxud onların yayılmasına mane olan bir şey. Məs., arakəsmə, yaxud lövhə; 2) Səsgücləndirici daxilində səs dalğalarının çoxdəfəlik inikasının aradan qaldırılması yolu ilə səsin keyfiyyətinin yaxşılaşdırılması üçün bir və ya bir neçə səsudan ekran; 3) Yüksək keyfiyyətli səslərin gücləndirilməsi üçün mikrofona əlavə; 4) Səsudan materialla işlənmiş mütəhərrik divarcıq (Studiyalarda yazılış zamanı səsin əks-səda verməsinin qarşısını almaq üçün istifadə olunur); 5) İşığın birbaşa yönümünü təmin etmək üçün projektora qoyulan qurğu.