JURNALİSTİKA (journalism) – Sosial önəm daşıyan aktual informasiyanın toplanması, işlənməsi, həmçinin mətbuat, radio və TV vasitəsilə yayılmasını təmin edən fəaliyyət növü; kütləvi xəbərləmə vasitəsi. J. ictimai rəyin formalaşmasına və inkişafına təsir edən ən qüdrətli amillərdəndir. İctimai nəzarəti itirərsə, çox qorxunc tovlama və çaşdırma (manipulyasiya) vasitəsinə çevrilir.
JURNALİSTİKA AZADLIĞI (freedom of journalist(press)) – Demokratik cəmiyyətdə məsələlər qaldırmaq, daha kəskin sosial ziddiyyətləri müzakirə etmək, dövlət və hökumət orqanlarının, müxtəlif müəssisələrin fəaliyyətini (bu hərəkətlər cəmiyyətin maraqlarına təhlükə yaratdıqda) tənqid etmək, hökumətin fəaliyyətsizliyini, yaxud hakimiyyət həddini aşmağı şübhə altına almaq azadlıqları.