KABEL TV SİSTEMLƏRİ (cable TV) – Siqnalların verilməsi üçün naqilli rabitə vasitələrindən (kabeldən) istifadə edən TV sistemləri.
KADMİKON (Cadmicon) – Kadmi seleni (CdSe) əsasında hazırlanan vidikon. Bütün görüntü diapazonunda, eləcə də ultrabənövşəyi və rentgen sahəsini əhatə edən spektrin geniş dairəsində həssas olur.
KADR (frame/film/ picture) – 1) Kinoçəkiliş aparatının ekspozisiya (kadr) pəncərəsinin ölçüləri ilə məhdudlaşan kinolentdəki ayrıca fotoqrafik çəkiliş. Kadrın ölçüləri və tərəflərinin nisbəti müxtəlif enlikli lentlər və kinematoqraf növü üçün fərqlidir; 2) Montaj kadrı – bu, ayrıca montaj parçasıdır, adətən, bir nöqtədən çəkilmiş, hadisənin bu və ya digər məqamından ibarət olan filmin tərkib hissəsi; 3) Ssenari kadrı – ayrıca çəkilmiş hər bir səhnənin quruluş, yaxud rejissor ssenarisində məzmununun şərhi və ətraflı təsviri. K. dedikdə həmçinin TV borusunun ekranındakı təsvir; lentə çəkilən obyektin hərəkətinin ardıcıl fazalarından birinin, yaxud onun statik vəziyyətinin əks olunduğu ayrıca fotoqrafik çəkiliş də nəzərdə tutulur. K. çəkiliş obyektlərinin bilavasitə görüntü qavrayışından əsaslı şəkildə fərqlənir. K.-ın görüntü formasının bütün elementləri çəkilən səhnənin, yaxud hadisənin ideya və məzmununun tam açılmasına xidmət edir.