ANASTİQMAT (unastigmate) – Astiqmatizmin və bununla bağlı təsvir sahəsi əyintisinin aradan qaldırıldığı çəkiliş obyektivi. Adətən, A.-da digər aberrasiyalar da aradan qaldırılır. A. ən mükəmməl obyektivdir.
ANFAS (full face) – Ekrandakı fərdin (aktyor, aparıcı və s.) üzünün qabaqdan (öndən) görünüşü; əşyanın üz tərəfdən şəkli.
ANİ KOMMUTATOR (fast switch)– Standart, yaxud yüksək səviyyəli siqnallar seçimi üçün vacib olan qurğu.
ANİMALİST (animal painter/sculptor/animalist) – Əsərlərində heyvanı təsvir edən rəssam və ya heykəltəraş. Multiplikasiya filmlərinin çəkilişində peşəkar sənətkarların bu janrda əsərlərindən istifadə olunur.
ANİMASİYA (animation)– Canlanma, multiplikasiya. Videokameralarda istifadə olunan multiplikasiya funksiyası; ayrı-ayrı kadrlarla, yaxud müəyyən uzunluğu olan fraqmentlərlə çəkilişlər aparmağa imkan verən çəkiliş, yaxud montaj üsulu.