KATALOQ (catalogue) – Müəyyən qaydada tərtib edilmiş, şeylərin tapılmasını asanlaşdıran kitab, əlyazma və s. siyahısı; belə siyahısı olan məlumat kitabçası (bəzən illüstrasiyalı). Məs., marka kataloqu.
KEYFİYYƏT TELEVİZİYASI (quality television)– Ciddi, dərrakəli tamaşaçı üçün nəzərdə tutulan, son dərəcə dəqiq jurnalistikanın növlərindən biri.
KƏNAR KÜY (tape noise) – Studiyadankənar çəkiliş zamanı səs yazarkən mikrofona düşən arzuolunmaz, kənar səs fonu. Kənar səslərin mürəkkəbliyi ondadır ki, bir qayda olaraq, onları öncədən müəyyənləşdirmək və nəzarətdə saxlamaq mümkün deyil. Əgər gələcək çəkiliş yerini əvvəlcədən diqqətlə gözdən keçirib akustika şəraitini aydınlaşdırmaq mümkün olsa, çətinliklərdən qaçmaq olar. Bundan başqa, mikrofonların düzgün seçilib yerləşdirilməsi də lentə düşən kənar səslərin miqdarını azalda bilər.