KİNOÇƏKİLİŞ ZAMANI EKSPOZİSİYANIN TƏYİN EDİLMƏSİ (determination of exposure) – Düzgün işləndikdən sonra lentdə təsvirin bu və ya digər sıxlığının alınması üçün kinoçəkiliş aparatının kadr pəncərəsində kinolentin lazımi işıqlanma miqdarının toplanması prosesi. Bu cihaz kino həvəskarları üçün bir qədər çətinlik törədir, belə ki, daimi açıq bucaqlı obtyuratoru olan aparatla kinoçəkilişin daimi tezliyi şəraitində ekspozisiya daimi qalır.
KİNOÇƏKMƏ (shooting/filming) – Filmin yaradılmasında ən mühüm mərhələ olub, bədii-yaradıcı və eyni zamanda istehsal-texniki proseslərin məcmusundan ibarətdir. Kinofilm K. aparatı, bəzən isə xüsusi tərtibatların köməyi ilə çəkilir. Görüntülərin lentə köçürülməsi, sonra isə kinoplyonkaların laboratoriya emalı nəticəsində çəkilən obyektin hərəkətinin, yaxud onun vəziyyətindəki dəyişikliklərin ardıcıl fazalarının neqativ təsvirlər seriyası alınır. Çəkiliş şəraitinin xarakterinə uyğun olaraq K.-nin bu növləri var: pavilyonda K., kinostudiyadan kənarda (interyerlərdə) K. və naturadan K.. Məkandan asılı olaraq K.-də işıqlandırma məsələlərinə xüsusi diqqət verilir. Texnoloji cəhətdən K. sinxron (eyni vaxtda səs də yazılır) və «səssiz» (qabaqcadan və ya sonradan yazılan fonoqram səsləndirilə də bilər) olmaqla iki qrupa bölünür.