ANSAMBL (band/company/troupe/ensemble) – 1) Yaradıcı heyətdə və ya musiqi qrupunda bir neçə nəfəri birləşdirən dəstə; birgə çıxış edən ifaçılar qrupu (duet, trio, kvartet və s.); 2) Hər hansı bütöv əsəri yaradan ayrı-ayrı hissələrin qarşılıqlı uyarlığı, üzvi bağlılığı, uyumlu vəhdəti (tutalım, televerilişdə jurnalistin, kameranın, görüntü və səs rejissorunun birgə fəaliyyəti); 3) Vahid kollektiv kimi çıxış edən müxtəlif peşə mənsubları.
ANTENA (antenna)– Radiodalğaları şüalandıran və qəbul edən qurğu. Verici və qəbuledici A.-lar olur. Verici A.-lar generatordan (vericidən) ötürülən dəyişən cərəyan enerjisini elektromaqnit dalğaları (radiodalğaları) enerjisinə çevirir və ətraf mühitə yayır (şüalandırır). Dalğaların yayılma sürəti (atm.-də 300 min km/san.-yə yaxındır) mühitin elektrik və maqnit parametrlərindən asılıdır. Qəbuledici A. ətraf mühitdən radiodalğaları tutaraq qəbulediciyə ötürülən dəyişən cərəyan enerjisinə çevirir. Qəbul edilən enerjinin miqdarı A. ölçülərinin dalğa uzunluğuna nisbəti ilə mütənasibdir. Eyni antena həm verici, həm də qəbuledici kimi işləyə bilər. Radiostansiyanın təsir məsafəsi, maneələrdən mühafizə qabiliyyəti və səmərəliliyi, həmçinin obyektlərin bucaq koordinatlarının dəqiq təyin edilməsi A.-nın parametrlərindən asılıdır.