KOMMUNİKATOR (communicator) – 1) KİV sistemində mətbu mətnlər, filmlər, radio və TV verilişləri şəklində məlumatlar hazırlayan şəxs, yaxud bir qrup şəxs. TV-də – studiyanın yaradıcı personalı; 2) KİV sisteminə daxil olan vasitələrin (mətbuat, radio, TV, kinematoqraf, video və səs yazılışı vasitələri) məcmusu.
KOMMUTASİYA (switching)– Avtomatlaşdırılmış informasiya şəbəkələrinin idarə olunması prosesində rabitə qovşaqları və xətlərinin qurulması, qoşulması və uzlaşdırılması.
KOMMUTATİV (commutative) – Yerini dəyişə bilən, dəyişkən.
KOMMUTATOR (commutator) – 1) Kommutasiya ilə bağlı prosesləri gerçəkləşdirən mütəxəssis; 2) Elektrik dövrələrini qoşmaq, ayırmaq və dəyişməklə tələb olunan çıxış dövrəsini seçməyə və giriş dövrəsini onunla birləşdirməyə imkan verən quruluş. K. rabitə və telemexanikada informasiya ötürmək üçün daha mürəkkəb quruluşların tərkibinə daxildir; onun vasitəsilə rəqəmlə hesablayan maşınlarda proqramlama və idarəetmə məsələləri, elektrik maşınlarında dövrələrin qoşulması və s. məsələlər həll edilir.