KONTRAPUNKT (counter point) – Hərfi mənası: «nöqtəyə qarşı nöqtə». 1) Polifoniya, başqa sözlə, iki və daha çox müstəqil melodiyanın (səsin) eyni zamanda uyumlu səslənişi və inkişafı, çoxsəslilik növü; 2) Başlıca melodik səsi izləyən melodiya; 3) K.-u çoxsəslilik biçimi kimi öyrənən fənn; 4) TV-də səs, söz və təsvirin tama çevrilməsi, uzlaşaraq vahid məzmun – harmoniya yaratması.
KONTRAST (contrast) – 1) Verilişlərin çəkilişi zamanı işıq və rənglərin gücünü, parlaqlığını artırmaq üçün əks rənglərdən istifadə olunması. Hər hansı bir əşyanı işıq mənbəyinə yaxınlaşdırdıqda onun işıq düşən tərəfi o biri tərəflərdən daha yaxşı, daha parlaq görünür. İşıq düşməyən tərəfdə cizgilər tutqun olduğundan o qədər də nəzərə çarpmır və ekranda kontrast yaranır; 2) Kinoda və digər incəsənət əsərlərində təsvir olunan predmet və hadisələrin keyfiyyətlərini (məs., həcmlərini, rənglərini) və xarakterlərini kəskin surətdə bir-birinə qarşı qoymaqdan ibarət olan, onların xüsusiyyətlərini daha aydın nəzərə çarpdıran bədii priyom. Təzadlılıq TV üçün xüsusilə səciyyəvidir.