KORREKS (correx) – Kinolenti qablarda hazırlayarkən onun qonşu burumlara yapışmasına yol verməmək üçün tətbiq edilən sellüloid lent. Lentin kənarlarında çıxıntılar olur. Kinolent K.-lə birlikdə sarınır. Lentin emulsiyalı tərəfi korreksin çıxıntılarının üstünə qoyulur. Bu çıxıntılar emulsiyalı tərəfin işlək hissəsini lentə toxunmaqdan qoruyur. Bu vəziyyətdə kinolnt K.-lə birlikdə çarxa salınaraq qutuya qoyulur. K.-in köməyi ilə 16 və 8 mm enində lentin kiçik parçalarını aşkarlamaq olar.
KOSMİK RABİTƏ (spatial correlation) – Yerdəki məntəqələrlə kosmik aparatlar arasında və kosmik aparat retranslyatorları vasitəsilə Yerdəki obyektlər arasında, həmçinin kosmik aparatlar arasındakı rabitə. Daim hərəkətdə və yerdəyişmədə olan K.r.-nin koordinatlarını təyin etmək üçün yerdəki qəbuledici və ötürücü antenalar K.r.-yə yönəldilir.
KOSMİK TV APARATLARI (space TV equipment) – Təyyarələrdə, vertolyotlarda, Yerin süni peyklərində və kosmik aparatlarda yerləşdirilən TV sistemi. K.T.A.-nın yerinə yetirdiyi funksiyalar son dərəcə rəngarəngdir. Fəzada uçan aparatlarda TV-nin tətbiqi, adətən, yer, yaxud dəniz səthində müşahidələr aparılması, ayrı-ayrı obyektlərin bu və ya digər parametrlərinin üzə çıxarılması və ölçülməsi, yaxud torpaq sahəsinin görünüşünü fəzadan çəkmək məqsədi daşıyır. K.T.A. aşağıdakı tətbiq sahələrini əhatə edir:
- kosmik videorabitə; kosmik məkan obyektlərinin elmi tədqiqi; Yerin bulud örtüyünü müşahidə və onun təbii ehtiyatlarının tədqiqatı; kosmik gəmilər sisteminin fəaliyyətinə videonəzarət və kosmik gəmilərin idarə olunması; hərbi obyektlərin aşkar olunması və müşahidə edilməsi.