QOŞA SƏS (Dual sound) – Bir kanalda verilişin, filmin səsinin paralel olaraq başqa səslə (mətnlə) müşayiət edilməsi. Q.s. adətən, dublyaj və səsləndirmə filmlərində, yaxud çıxışın sinxron tərcüməsi zamanı özünü göstərir.
QRAFİKA (drawing/ graphics) – TV-də də tez-tez müraciət olunan təsviri sənət növü; ştrix və cizgilərlə şəkil çəkmə üsulu; bu üsulla çəkilmiş şəkillər. Kitab rəsmləri, plakat və karikaturalarda istifadə olunan rəsm sənəti növü. Rəsm, qravüra, litoqrafiya və s. sahələri əhatə edir. Forma etibarilə rəsmə əsaslanan Q. özünəməxsus ifadə vasitələrinə və bədii imkanlara malikdir. Q.-da rəngin rolu nisbətən məhduddur. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın – kağızın ağ yerliyi (nadir hallarda rəngli və qara) Q.-nın əsas bədii vasitələridir. Reklam qrafikası rəsmdən ifadə vasitələri ilə fərqlənir. Onun əsasını cizgilər və kontur xətlər təşkil edir. TV-də kompüter qrafikasının əsasında da Q. prinsipləri dayanır.