MAKET KİNOÇƏKİLİŞİ (model shot) – Binanın, zavodun tikilməsini və ya dağılmasını, avtomobilin yanmasını, qatarların toqquşmasını, döyüş səhnələrini və s. naturada çəkmək mümkün olmadığı hallarda tətbiq edilən çəkiliş üsulu. Maketin təbii işıqlandırılmasına böyük diqqət yetirilməlidir. Maketləri, adətən, orta və ümumi planda çəkirlər. Çünki iri plan ekranda saxtalığı tez nəzərə çarpdıra bilər. Hava perspektivi təsəvvürü alınması üçün bəzən maketin qarşısında yüngülcə pudralanmış şüşə də qoymaq olar. Hərəkət edən maketləri yüksək tezliklə çəkmək olar. Maket nə qədər kiçik olarsa, kinoçəkilişin tezliyi bir o qədər böyük olar.