MİKROFON QOVLUĞU (sue sheet) – Verilişlərin efirə getmiş mətnləri və maliyyə sənədlərindən ibarət materialların toplandığı qovluq.
MİKROFONLARIN TƏSNİFATI (microphone classification) – Mikrofonların quruluşca və iş prinsipinə görə bir-birindən fərqlənməsi. Bir qayda olaraq mikrofonların iş prinsipi səs qaynağından gələn akustik dalğa dəyişmələrini qeydə almaqdan ibarətdir. Hər mikrofonun içərisində səsin güc və keyfiyyət dəyişmələrinə reaksiya verən həssas membran var. Bu membran səs dalğalarını elektrik səs dalğalarına çevirir. Ayrı-ayrı mikrofonlarda səsin elektrik cərəyanına çevrilməsinin müxtəlif prinsiplərindən istifadə olunur. Bu prinsiplər müxtəlif mikrofon tiplərinin təsnifatı üçün başlıca amillərdən sayılır. Əsasən iki tip – elektrodinamik və kondensatorlu mikrofonlar geniş yayılmışdır.