MİKROKİNOÇƏKİLİŞ (microscopical shooting/pick up) – Mikroskop vasitəsilə görünən obyektin kinoçəkilişi. Bu minvalla çəkiliş kinoekranda təsvirə xeyli böyüdülmüş variantda, başlıcası isə çoxlu seyrçinin iştirakı ilə baxmağa imkan verir. Halbuki adi mikroskop təsvirə yalnız bir adama, həm də çox vaxt ancaq bir gözlə baxmağa imkan verir. Bundan başqa, mikroskop vasitəsilə çəkilən təsvir dəfələrlə təkrarlana və sürətləndirilmiş, yavaşıdılmış, kadr-kadr, yaxud neytrofer çəkilişlərlə çəkilə bilər.
MİKROSXEM (microcircuit) – TV və radiotexnikada hesablayıcı maşın, avtomatik sistem və s. sahələrdə istifadə olunan qarşılıqlı əvəzedilən modullar şəklində element, qurğu və ya onun bir hissəsi. M.-lər vahid texnoloji proseslə – qrup üsulu ilə hazırlanır.
MİKŞER (mixer) – Fonoqram yazılışı pultu, müxtəlif xətlərdə və kanallarda olan səsləri uyğunlaşdıran, seçən, qarışdıran, tezliyi dəyişdirən qurğu. M., adətən, dörd kanallı olur: birinci və ikinci kanallar mikrofon, monocihazlar kimi tək səsli girişlərdə, 3 və 4 kanallar isə stereo girişlərdə istifadə edilir.