MONTAJ (edit) – Çəkilmiş filmin, publisistik, ədəbi, musiqili və s. verilişin ayrı-ayrı hissələrinin (epizodların), parçalarının bədii və məna cəhətdən bütöv, dolğun, tam hala gətirilməsi; çəkilən təsvirlərin məqsədəuyğun şəkildə seçilərək birləşdirilməsi; filmin ardıcıl çəkilməyən səhnələrinin ssenariyə uyğun ardıcıl seçilməsindən, yəni tamaşaçılara ekranda göstəriləcək qaydada düzümündən ibarət yaradıcılıq əməliyyatı. Bu proses montajın texniki mahiyyətidir. Lakin M.-ın, həm də sırf yaradıcılıq cəhətləri var. M. filmin yaradılmasının bütün mərhələlərində – ssenaridə, operator işində və çəkilmiş materialın şərhində, təsvirin səslə birləşdirilməsi prosesində zəruridir.
Müxtəlif janrlı filmlərin M.-ında müxtəlif üsullar tətbiq olunur. Lakin kinematoqrafik təsirin bütün digər elementləri kimi M. da həmişə kino əsərinin zəruri tərkib hissəsidir. TV M.-ını iki mərhələyə ayırmaq olar: proqramın istehsal prosesindəki montajı və istehsaldan sonrakı montaj. M.-ın paralel, ardıcıl, dinamik (çevik), ritmik, çarpaz, assosiativ və s. növləri vardır.
|