MONTAJ AXTARIŞI (edit search) – Eyniadlı klavişlə idarə olunan funksiya. "Kamera" rejimində çəkilmiş materialı sürətlə nəzərdən keçirməyə imkan verir. Bundan başqa çəkilmiş sonuncu kadra qayıdış operatora çəkilişin məzmununu yada salmağa kömək edir.
MONTAJÇI (editor) – Videomontaj sexinin müstəqil işləyə bilən, çəkiliş qrupuna daxil olan və rejissorun rəhbərliyi altında, yaxud müstəqil fəaliyyət göstərən əməkdaşı. M. verilişin, yaxud filmin bədii-texniki cəhətdən keyfiyyətli montajına cavabdehdir. Kinoda gələcək filmin bütün pozitivləri və bütün yazılmış fonoqramları M.-nın ixtiyarında olur. O, bütün materialın sistemləşdirilməsini və mühafizəsini təşkil edir. Çəkiliş materialı istehsal sonrası montajı nəzərdə tutursa, deməli, teleekranda görünəcək hər şey montajçının əlindən keçəcək. M.-nın teleistehsalda nə dərəcədə mühüm rol oynaması onun malik olduğu peşəkarlığın, yaradıcılıq sərbəstliyinin keyfiyyət və kəmiyyətindən asılıdır. TV-də çalışan M.-ları iki qrupa ayırmaq olar: proqramları tərtib edərkən sərbəst işləməyi, yaradıcılıq prosesində qərar çıxarmağı bacaran müstəqil montajçı-sənətkar (yəni rejissor-montajçılar) və tabelikdəki montajçılar – yəni rejissorun verdiyi tapşırıqları icra edənlər.