MONTAJ SIÇRAYIŞI (jump cut) – Buna "qaçan kadr" da deyilir. Rakursuna və çəkiliş bucağına görə oxşar olan, ancaq yüz faiz üst-üstə düşməyən eyni obyektin iki planının bir-birinin ardınca yapışdırılması zamanı özünü göstərən montaj təhrifi. M.s. görüntülər arasında kəskin keçidləri xatırladır. Çünki bir plandan digərinə keçərkən çəkiliş obyektinin vəziyyəti qəflətən, kəskin şəkildə dəyişir və görüntü sanki sıçrayır. Kəskin keçid və ya montaj «tullanışları» o vaxt baş verir ki, montaj planının orta hissəsi kəsilir və planın əvvəli ilə axırı bir-birinə yapışdırılır. Planın əvvəlində və sonunda kadrdakı çəkiliş obyektinin ölçüsü və vəziyyəti eyni olmayanda seyrçiyə elə gəlir ki, obyekt ekranın bir hissəsindən digər hissəsinə «tullanıb». Dərhal gözə çarpdığı üçün belə tullanma və sıçrayışlardan qaçmaq lazımdır. Hərəkətin kadr məkanında inkişaf axarını pozduğundan belə sıçrayışlar montaj yanlışlığı kimi qavranılır. Çəkilən obyekt qəfildən, həm də heç bir səbəbsiz ekranın digər küncündə peyda olursa, ardıcıl montaj effekti itir.