MÜLKİYYƏTİN CƏMLƏŞDİRİLMƏSİ (multiple ownership rule) – Burada: teleradio yayımı ilə bağlı qurumların mülkiyyətinə və yayım fəaliyyətinə müəyyən məhdudiyyət qoyulması. ABŞ-da qüvvədə olan qanuna görə bir şirkətin, yaxud bir şəxsin mülkiyyətində olan stansiyaların sayı hər üç kateqoriyada: amplitud modulyasiyalı səsli yayım, tezlik modulyasiyalı səsli yayım və TV yayımında 12-dən çox ola bilməz.
MÜRƏKKƏB QAVRAYIŞ (complex perception) – Hər hansı bir obyektin qavranılmasında bir neçə analizatorun iştirak etdiyi və bunların hamısının eyni dərəcədə əhəmiyyətə malik olduğu zaman əmələ gələn qavrayış. Ekranda danışan natiqi dinlədikdə onun nitqi ilə birlikdə üzünün və əl-qolunun ifadəli hərəkətlərini də qavrayırıq. Səsli kino-şəklə tamaşa etdikdə də belə olur: burada eşitmə və görmə analizatorlarının birlikdə iştirak etməsi sayəsində M.q. əmələ gəlir.