MÜŞTƏRƏK REKLAM (team advertisement) – İstehsalçı şirkətin və satış üzrə agentin (dilerin), yaxud eyni malın istehsalı və ya satışı ilə məşğul olan bir neçə şirkətin birgə maliyyələşdirdiyi reklam. Bu cür reklam, bir qayda olaraq, malın imicini yüksəltməyə xidmət edir.
"MÜŞTƏRİ-SERVER" TEXNOLOGİYASI (client-server technology) – Orta və böyük kompüter bazasında son dövrlərdə hesablama proseslərinin mərkəzləşdirilmiş idarəetmə sxemini əvəz edən yeni texnologiya. Məlumdur ki, şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak edir: müəyyən resurs (xidmət, servis) imkanlarını ayıran tərəf və bu resurslardan istifadə edən tərəf. Birinci tərəf s e r v e r, ikinci tərəf isə m ü ş t ə r i adlanır. Bu tərəflərin qarşılıqlı münasibətini əks etdirən M.s.t.-nın müsbət cəhəti onun daha canlı olması, hesablama sisteminin etibarlılığı, informasiyanın işlənməsinin yüksək operativliyindədir.