NATURA ÇƏKİLİŞİ (natural shooting) – Studiyadankənar çəkiliş; kinonun, yaxud teletamaşanın çəkildiyi obyektin yeri olan təbii, yaxud memarlıq mühiti. Natura təsvir edilən hadisələrin mötəbərliyini gücləndirməli və TV əsərinin bütün elementlərinə üzvi surətdə uyğun olmalıdır.
NEQATİV (negative/revearsed image) – Kino lentində, fotoqrafiya plastinkasında və ya plyonkasında bir şeyin tərsinə – ağın qara, qaranın ağ düşmüş şəkli; bu cür şəkil düşmüş fotoqrafiya plastinkası və ya plyonkası; şəffaf lentdə (əsasda) fotoqrafiya təsviri. Burada obyektin daha parlaq sahələri böyük tündlüklə, nisbətən az parlaq sahələr isə az tündlüklə verilir; bunun nəticəsində neqativ təsvirinin yaratdığı görüntü təəssüratı orijinalın əksinə olur (keçən işıqda batdıqda neqativ təsvirin müxtəlif sahələrinin parlaqlıq nisbəti orijinalın müvafiq sahələrinin parlaqlıq nisbətinə tərs mütənasibdir).