PORTATİV (portable) – Daşınan; aparmaq və daşımaq üçün rahat, kiçik ölçülü predmet. Məs., P. kamera, P. maqnitofon.
PORTRET (portrait) – Müəyyən adamın və ya bir qrup adamın rəsmdə, fotoda, yaxud ekranda bədii-publisistik təsviri. Geniş mənada, insanın bu və ya digər bədii vasitələrlə ifadə olunan xarakteristikası. Təsviri sənətin digər növləri ilə müqayisədə kinoportretdə (çox vaxt yanlış olaraq iri plan adlanır) kinematoqrafdakı ifadə-təsvir vasitələrinin, ilk növbədə, hərəkətin son dərəcə böyük üstünlüyü özünü göstərir. Təsvirin bilavasitə əsil hərəkətlə, hadisələrin məkan daxilində sərbəst inkişaf etdiyi fəaliyyətlə, canlı danışıqla, səslə, çox vaxt həm də musiqi ilə birləşdiyi kino sənəti P. yaradılmasının daha güclü vasitələrinə malikdir.