RADİOTEZLİKLİ KABEL (radio frequency cable) – Radio və videosiqnalların ötürülməsi üçün kabel. R.k. radioverici, radioqəbuledici və TV qəbuledicilərinin antena-fider qurğularında fider kimi, həmçinin radioelektronika aparatları, hesablayan elektron maşınlar və s. bloklararası və blokdaxili birləşmələr üçün istifadə edilir.
RADİOVERİCİ (radio/transmitter) – Radiotezlik diapazonunda yüksək tezlikli modulyasiya olunmuş elektrik rəqslərinin generasiyası və onların elektromaqnit dalğaları şəklində şüalandırılması üçün qurğu (qurğular kompleksi). R. informasiyanın radio dalğaları vasitəsilə ötürülməsi sistemi və qurğuların (radiorabitə, TV, radio verilişi, radiolokasiya, radionaviqasiya və s. texnika sahələrində) mühüm tərkib hissəsidir.