RENDER (rendering) – Göstərmə, vizuallaşdırma. 3 ölçülü qrafikada fotorealistik təsvirin yaranması prosesini bildirir. Obyektin və ya 3 ölçülü karkas modelinin əsasında yaradılan animasiya. Bu məqsədlə əks etdirilən obyektlərin işıq mənbələrinin və kameraların riyazi yazılış üsullarından istifadə olunur.
REOSTAT (rheostat) – Elektrik cərəyanının şiddətini və onun gərginliyini nizama salan cihaz. Metallik, maye və kömür R.-ları olur.
REP (rap/rapping) – Pop-ulduzların çıxışlarını müşayiət edən rok musiqinin dəbdə olan üslublarından biri. R. üçün dinləyicilərin diqqətini cəlb edərək onları özləri ilə birgə həyəcanlanmağa, ("rep" sözünün mənalarından biri – dərdə şərik olmaq, səmimi danışmaqdır), "ürəkləri riqqətə gətirən" mahnı şousunun iştirakçısı olmağa məcbur edən xüsusi ritm səciyyəvidir.
REPERTUAR (repertoire/repertory) – 1) Teatrda, estradada, konsertdə, TVR-də ifa olunan dramaturji, musiqi və s. əsərlərin məcmusu; 2) Bir aktyorun ifa etdiyi rolların, müğənninin oxuduğu, çalğıçının çaldığı havaların ümumi toplusu; siyahı, təsnifat.