AÇAR İŞIĞI (key light)– Bir cismin üzərinə qarşı tərəfdən və ya yuxarı nöqtədən verilən işıq.
AÇIQ KEÇİD (open transfer) – Filmdə və ya TV verilişində bir epizoddan başqa epizoda incə keçid. A.k. tamaşaçının diqqətini yayındırmamalı, hər hansı ziddiyyətli duyğu oyatmamalıdır.
AÇIQLIQ (lightness) – Predmetin (cismin) səthinə düşən işığın əks etdirilməsindən asılı olaraq müəyyənləşdirilən rəng çaları. Rənglərin cürbəcür doyum dərəcəsi var. Biz bəzi rənglərin açıq, bəzilərinin tünd olduğunu görürük. Bu, rəngin açıqlıq dərəcəsini ifadə edir. A. cismin səthinə düşən işığın həmin səth tərəfindən əks etdirilən miqdarından asılıdır. Ağ rəngli cisim ona düşən işığın, demək olar ki, hamısını əks etdirir. Buna görə də ağ ən açıq rəngdir. Qara rəngli cisim isə ona düşən işığı əks etdirmir. Odur ki, qara ən tox rəngdir.