SİLUET (silhouette) – 1) Kölgəyəbənzər birrəngli şəkillər. Hazırda S. vasitəsilə qara rənglə ağ fonda, yaxud ağ rənglə qara fonda insan, heyvan, əşya, təbiət mənzərələri əks etdirilir, formanı qayçı ilə kəsirlər; 2) Qaraltı, qaranlıqda, dumanda kölgə kimi görünən şey.
Ümumiyyətlə, S. XVIII əsrdə Fransada maliyyə naziri olmuş E. de Siluetin familiyası ilə əlaqədar yaranmış ifadədir.
SİMBİOZ (symbiosis) – 1) Birləşmə, sintez və qarşılıqlı faydalanma. Kommunikasiyada S. ideyası KİV üçün onların arasındakı rəqabət ziddiyyətlərinin kompromis həllinin və texniki vasitələrdən, informasiya materiallarından, eləcə də mütəxəssislərdən istifadə sahəsində qarşılıqlı bəhrələnmə imkanı verən dinc yanaşı yaşamağın mümkün yollarından biri kimi qəbul olunur; 2) Müxtəlif xarakterli iki və daha çox şəxsin (yaradıcı təşkilatın) yaradıcılıq fəaliyyəti. S. fərdlərin birgə fəaliyyətinin elə bir formasıdır ki, bu zaman həmin fərdlər xarici mühitlə bilavasitə qarşılıqlı əlaqədə olurlar.