SOSİAL TELERADİO YAYIMI (social broadcasting) – Karlar və ya eşitmə qabiliyyəti zəif olanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramlar.
SOSİOLİNQVİSTİKA (sociolinguistics) – Dilin və nitqin sosial aspektlərini öyrənən, bir tərəfdən KİV-in cəmiyyətin dil mədəniyyəti taleyində modelləşdirici rolunu, digər tərəfdən mass-medianın inkişafında diskursların əhəmiyyətini üzə çıxarmaqla kommunikologiyanın metodoloji bazasını zənginləşdirən elm.
SOYUQ İŞIQ (cold light) – Lüminessent lampalarının, aşağı təzyiqli yüksüz civə lampalarının və digərlərinin işığı. S.i. kifayət qədər intensiv olmur.
SÖHBƏTLƏŞMƏ (chat)– İnternet şəbəkəsində real vaxtda dialoq aparılması.
SÖNDÜRÜLMƏ, QAPAMA (black-out) – Videosiqnal hissəsinin, yaxud impuls maneəsi siqnalının daimi amplitudlu siqnalla əvəz edilməsi.
SÖZALTI MƏNA (emotional meaning) – Verbal şəkildə birbaşa və açıq ifadə edilməyən, yalnız ümumi kontekstdən çıxan, yaxud müəyyən mimikaların köməyi ilə təsəvvür edilən (hasil olan) fikir. S.m. bilavasitə sözlə deyil, başqa vasitələrin köməyi ilə ifadə olunan mənaların məcmusu kimi də başa düşülür. Bəzən S.m.-nı danışanın (müəllifin) ifadə olunan fikrə münasibəti kimi də izah edirlər. Bəziləri isə bu mənanı potensial semantika hesab edirlər. Elə tədqiqatçılar var ki, S.m.-nı «emosional məna» adlandırırlar. S.m.-nın yalnız və yalnız intonasiya ilə (qismən də mimika ilə) əlaqədar olduğunu sübut etməyə çalışanlar da az deyil.