STEREOKİNO (stereocinema) – Ekranda təsvir olunan obyektləri həcmli kimi qavramaq illüziyası yaratmağa imkan verən kinematoqraf növü. S.-nu çox vaxt həcmli və ya üçölçülü kino da adlandırırlar. Təbii şəraitdə insanın hər gözü həcmli cismi öz rakurs bucağı altında görür və bir gözün tor təbəqəsində əks olunan təsvir o biri gözdə əks olunan təsvirdən fərqli alınır. Film ayrı-ayrı iki nöqtədən çəkildiyi üçün S. vasitələri tamaşaçıya ekrandakı eyni obyekti hər gözlə ayrılıqda görməyə imkan verir. Bunun üçün film stereoskopik üsulla çəkilir və stereoskopik kinoproyeksiya aparatları ilə də nümayiş etdirilir.