TELERADİO YAYIMLARI ŞƏBƏKƏSİ (broadcasting network) – Yayımçının EE məhsullarını müxtəlif tezliklərdə yaymaq üçün istifadə etdiyi və yayım lisenziyası ilə müəyyənləşdirilən radiotezliklər, TV və radioötürücü qurğular, peykötürücü və qəbuledici stansiyalar, kabel və efir-kabel şəbəkələri.
TELEREPORTYOR (telereporter) – Həyatın müxtəlif sahələrində baş verən hadisələr haqqında obyektiv, operativ və yığcam məlumat verən, tamaşaçı ilə gerçəklik arasında vasitə olan, düşündüklərini deyil, görüb-bildiklərini çatdıran jurnalist. İşinin xüsusiyyətinə görə T. ekranda universal iş aparır. Yaxşı T. qısa monoloq deməyi, süjeti orijinal ssenari üzrə qurmağı, qısa informasiya müsahibəsi aparmağı bacarmalıdır. T.-un peşə ustalığını üç əsas element müəyyənləşdirir: 1) Operativ şəkildə çəkiliş texnikası ilə hadisə yerində olmaq; 2) Operatorla birlikdə hadisə haqqında aydın, dolğun təsəvvür yarada biləcək ən maraqlı kadrları (anları) çəkə bilmək; 3) Bu kadrları müşayiət edən və hadisələrin mahiyyətini düzgün işıqlandıran yığcam mətn yazmaq.