TELEVİZİYA TRİADASI (television triad/trio) – TV-nin üç əsas ifadə vasitəsinin – təsvir, səs və sözün vəhdəti. T.t.-nın hər bir elementinin (xüsusilə təsvirin, yaxud sözün) üstünlüyü ekrandakı konkret şəraitə uyğun olaraq müəyyənləşdirilir.
TELEVİZİYA VERİCİSİ (TV generator) – Tətbiqi TV-də optik, elektron və zəruri hallarda mexaniki qurğuların məcmusundan ibarət müşahidə sisteminin giriş hissəsi. T.v. müşahidə olunan məkanın, yaxud obyektin giriş optik təsvirinin alınmasını və elektrik siqnalına (videosiqnala) çevrilməsini təmin edir. T.v.-nə optik sistem, fotodəyişdirici, təsviri açma qurğusu, ilkin gücləndirici və sinxronlaşdırma blokları daxildir.