TELEVİZİYA VƏ RADİO PROQRAMLARI (TV data) – Daimi adı və dövriliyi olan, qanunvericiliyə müvafiq şəkildə qeydiyyatdan keçən və əhalinin bəlli təbəqəsi üçün nəzərdə tutulan AV materialların məcmusu.
TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ İSTEHSALÇISI (television producer) – TV və ya radioda yayımlanmaq üçün nəzərdə tutulan TV və ya radio proqramları, TV və ya radio verilişləri hazırlayan fiziki, yaxud hüquqi şəxs.
TELEVİZİYA VƏ RADİO YAYIMLARININ TEZLİK SİYAHISI (broadcast band list) – TV və radio yayımları üçün ayrılan tezliyi əks etdirən rəsmi sənəd.
TELEVİZOR EKRANINDAN KİNOÇƏKİLİŞ (tele transcription) – Kamera vasitəsilə təsvirin TV ekranından çəkilməsi üsulu. T.e.k. texniki cəhətdən olduqca çətin kinoçəkilişdir. Əvvəla, əsas çətinlik kinoçəkilişin tezliyi ilə (16 mm – 16 kadr/s) TV təsviri tezliyi (50 yarımkadr/s, bu da 25 kadr/s-yə müvafiqdir) arasındakı fərqdədir. İkincisi, kinoaparat adi aparata nisbətən lenti dartma sürətini təxminən 12 dəfə çox təmin etməli və obtyuratorun çox böyük açılma bucağına malik olmalıdır. Bütün bunlar isə praktik olaraq televizor ekranından kinoçəkilişi mümkünsüz edir.