TƏSVİR AYDINLIĞI (sharpness) – Təsvirdəki xətlərin dəqiq, aydın göstərilməsi. Bu məqsədlə dəqiqlik nizamlayıcısından istifadə olunur. Nizamlayıcı düymədən yararlanmaqla xətləri yumşaltmaq və təsvirə romantik ab-hava vermək də mümkündür.
TƏSVİR DURULUĞUNUN AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic contrast control) – Giriş siqnallarından asılı olmayaraq ağ və qara təsvirlərin ən yuxarı hədləri arasında daim aydın görüntünün alınması üçün tətbiq olunan mexanizm.
TƏSVİR ELEMENTİ (image element) – Daxilində yalnız orta parlaqlığın verilməsi mümkün olan təsvirin elektrooptik analizi prosesində ayrılan fotohəssas səthin minimal sahəsi.
TƏSVİR FOKUSUNUN POZULMASI (defocus) – Xüsusi effekt almaq məqsədi ilə kadrın sanki yuyulması. Bir qayda olaraq, T.f.p. effektindən keçidlər zamanı istifadə olunur.