ÜÇÖLÇÜLÜ VİDEO (three dimensional video) – İki ayrı mikrokamera obyektivindən istifadə edilməsi. Bu zaman hər iki obyektiv saniyədə 60 təsvir yazır. Bu yazılara xüsusi standart eynəklərlə baxmaq olar. Yazılan təsvir ilə eynəklər arasında sinxronlaşdırmanı təmin etmək üçün xüsusi kabeldən istifadə olunur.
ÜFÜQİ PANORAM ÇƏKİLİŞİ (horizontal view shot) – Müstəvidə yerləşən çəkiliş obyektinin tam görüntüsünü almaq üçün kameranın tədricən hərəkət etməsi və təsvirin ara kəsilmədən lentə köçürülməsi. Ü.p.ç. zamanı kəsik-kəsik və nizamsız üfüqi yerdəyişmələrə yol verilməməlidir. Hər bir panoram çəkilişin aydın məqsədi olmalı və çəkilişin dayandığı məqamlar lentə alınan səhnənin ən maraqlı məqamına düşməlidir. Kameranın hər hansı yerdəyişməsi kimi üfüqi panoram da ehmallı olmalı və nəzarətdə saxlanmalıdır. Burada «hədəfdən yan ötmək» yolverilməzdir. Kameranın hər bir yerdəyişməsi çox ehmallı sonluqla bitməlidir. Əgər üfüqi panoram çox kəskin başlayıb kəskin hərəkətlə də bitirsə, sanki kamera müxtəlif görüntülərə ilişirsə və yerdəyişmə sürəti tez-tez dəyişirsə, yaxud kamera aşağı-yuxarı əsirsə, deməli, istənilən çəkiliş effekti alınmamışdır.