VİDEOMAQNİTOFON (videorecorder) – TV verilişlərində təsvirin elektrik siqnallarını və müşayiət edən səsi maqnit lentinə yazan, sonradan nümayiş etdirən aparat. V.-da, adətən, eni 12,7; 25,4 və 50,8 mm olan maqnit lentlərindən istifadə olunur. İş prinsipinə görə adi maqnitofona oxşayır. Lakin 6-7 MHs-ə qədər tezlik zolağında yerləşən videosiqnalların yazılması üçün lentin maqnit başlığa nisbətən hərəkət sürəti xeyli böyük olmalıdır. Bir qayda olaraq 4 fırlanan başlığa malik V. daha keyfiyyətli hesab edilir. TV verilişlərində məhz bu V.-dan istifadə olunur. 1 və 2 başlıqlı V.-lar isə qapalı TV sistemi və həvəskarlar üçündür.