VİDİKON (vidicon) – Elektrikkeçirici hədəfi fotomüqavimətdən ibarət olan TV borusu. Təsvirdən (əşyadan) gələn işıq şüalarının təsiri altında V.-un hədəfində (fotokatodda) elektrik yükləri toplanır: hədəfin müxtəlif sahələrinin müqaviməti dəyişir, elektrik siqnallarına çevrilir və təsvirin ayrı-ayrı hissələrinin parlaqlıq bölgüsü dəqiq təkrar olunur. Bu, elektrik yükləri maqnit və elektrostatik sahələrin formalaşdırdığı və meyl etdirdiyi elektron seli ilə hesablanır.
VİDİKON SİQNAL LÖVHƏSİ (vidicon signal shield)– Daxili fotoeffektdən istifadə edən fotoelektrik dəyişdiricilərdən biri. Ötürücü TV borularından olan vidikon, eləcə də onun sonrakı növləri – plyumbikon, kremnikon və s. dəyişdiricilərində enerji cəmlənməsi gerçəkləşir ki, bunun da nəticəsində onlar böyük həssaslığa malik olur. Siqnal lövhəsi V.-un tərkib hissələrindən olub, təsvirin çıxış siqnalının götürüldüyü həlqəvari elektroda birləşdirilir.